Solmaz Şirin

Həyat yaşamağı bacaranındır, onun ilməsindən baş açanındır!​

Qırğına çıxıbdır ağlımla hissim,
Biri nala vurur, o biri mıxa.
Dərdimi bölməyə yoxdur bir kəsim,
Tuş gəlib ürəyim sevgi tək oxa.

Düşmən kəsilibdir ağlım qəlbimə,
Onu xar edəni sevməsin deyə.
Qoymasın sevgini xəyanət yeyə,
Nadan “sevgi”sindən qurtarsın yaxa.

Qəlbimin göyləri buluddur yenə,
Nakam sevdasından çətin ki dönə!
Qoymaram sayrışan ulduzlar sönə,
Qəlbim göylərində ildırım çaxa.

Solmaz, yetişməyir qəlbimə ünüm,
Qorxuram sarala gülşəndə gülüm.
Nədəndir, qoymayır bu dəli könlüm,
Zəka göylərinə ulduzlar taxa?!