Solmaz Şirin

Həyat yaşamağı bacaranındır, onun ilməsindən baş açanındır!​

Duyuram yalançı məhəbbətini,
Bəs niyə unuda bilmirəm səni?
Yalançı vədəni, söz-söhbətini,
Bəs niyə unuda bilmirəm səni?

Ürəyim qəsdimə durubdur yaman,
Elə hey inləyir, verməyir aman,
Sevgiylə odlanır o, zaman-zaman,
Bəs niyə unuda bilmirəm səni?

Baş əymək istəyir o, kəm sevgiyə,
Dinləmək istəmir məni bəs niyə?
Car çəkir “sevirəm, sevirəm” deyə,
Bəs niyə unuda bilmirəm səni?

Xar edir ürəyim məni, nədəndir?
İnləyir, sızlayır, bu sevgidəndir.
Solmaz, bu yalançı sevgi itəndir…
Bəs niyə unuda bilmirəm onu?