Solmaz Şirin

Həyat yaşamağı bacaranındır, onun ilməsindən baş açanındır!​

Sənin könlün bahar, mənimki qışdır,
Kövrək qəlbim dolu, yanımsa boşdur.
Qəlbimlə danışmaq rəvadır, xoşdur…
Zəng etdim ki, deyim: gözləmə məni,
“Bəlkə gələr” deyə izləmə məni.

Zalım bir səyyad tək çıxıb qarşıma,
Tökdün soyuq suyu isti aşıma.
Belə qəti fikir gəldi başıma –
Zəng edim ki, deyim: gözləmə məni,
Zalım bir ovçu tək bizləmə məni.

Özəl hisslərimə sən hakim oldun,
Başqa birisiylə qarışıq saldın.
Mənlə yazılmayıb Tanrıdan adın.
Zəng etdim ki, deyim: gözləmə məni,
O xam xəyallarda bəsləmə məni.

Gözləmə, qapını döymərəm daha,
Solmazam, qəddimi əymərəm daha,
Səni tərifləyib öymərəm daha.
Zəng etdim ki, deyim: gözləmə məni,
Ünüm sənə yetməz, səsləmə məni.