Yalan danışanlar elə şax baxır,
Gözünün içindən yalanlar axır.
Yalanı sübuta yetəndə axır,
Yenə də basılmır, doğruyam, deyir.
Yalanı yeridir şirin doğru tək,
Doğrunun bağrını yaran oğru tək.
Sanmayır doğrunu saran oğru tək,
Doğrunu yalana o, qatıb əyir.
Yedirdir bal təki acı yalanı,
Üfürür gözünə heç olmayanı.
Gözdən pərdə təki asır böhtanı,
Yalanı doğru tək çeynəyib yeyir.
Bürünür yalana başdan ayağa,
Söykənir çürümüş, köksüz dayağa.
Canı alışıbdır belə sayağa,
Yalandan əyninə çul-çuxa geyir.
“Yalan ayaq tutar, amma yeriməz”,
Doğru zəfər çalar, heç vaxt yenilməz.
Xeyiri heç zaman şər etməz əvəz,
Yalanın gözündə şər olub xeyir.