Adı bahar bənövşəsi,
Özü bahar müjdəsidir.
Elimizin bülbül səsi,
Evimizin nəğməsidir.
Üz-gözündən Günəş doğur,
Ay işığı, mənim anam.
Mehribanlıq və sadəlik
Yaraşığı, mənim anam.
Azərbaycan qadınının
İsməti var üz-gözündə.
Onun qartal qanadının
Kölgəsi var yer üzündə.
Şükür edir, razı qalır
Allahından mənim anam.
Keçə bilir çoxlarının
Günahından mənim anam.
Müqəddəsdir mənim anam-
Övladıyçın yanır hər an.
Mən analar tanıyıram-
Övladını çölə atan.
Zahirini tamamlayır
Daxilinin gözəlliyi.
Yaxşı duyur, tez anlayır,
Məlum olur əsilliyi.
İncəsənət aləmini
Yaxşı duyur gözəl anam.
Elmini və alimini
Uca sayır əzəl anam.