-Səndən ötrü ölürəm, –
Deyənlər çox, ölən yox.
-Səni həmdəm bilirəm, –
Deyənlər çox, bilən yox.
-Sənsiz qala bilmirəm, –
Deyənlər çox, qalan çox.
-Qəlbin qala, bilirəm, –
Deyənlər çox, alan yox.
-Sənsiz odam, alovam,-
Deyənlər çox, yanan yox.
-Sənin üçün cilovam,-
Deyənlər çox, danan yox.
-Səndən ötrü dəliyəm, –
Deyənlər çox, dəli yox.
-Səninçün dördəlliyəm, –
Deyənlər çox, əli yox.
-Arxanda bir mərd dağam, –
Deyənlər çox, arxam boş.
-Sərin, axar bulağam,-
Deyənlər çox, arxım boş.