Sabahın gözləri nazla açılmış,
Seyr edir o dağı, çəməni, düzü.
Duman çiçəklərin üstə asılmış,
Ləçəkdə jalələr oxşayır gözü.
Bu göylər necə də gözəldir!- dedim,
Sabahın qoynunda min işvə, min naz…
Dünya başdan-başa sirli nağıldır,
Bu sirri, mənanı duymamaq olmaz!
Sabah gözlərinin nurunu böldü,
Qırdı qaranlığın zülmət buxovun.
Onu salamlayan çəməndi, çöldü,
Çəkdi ruzigarın, selin cilovun.