Nisgil parçaladı, diddi qəlbimi,
Alışdım ayrılıq oduna, yandım.
Sənin getdiyini söyləyən dili
Alışıb yandıran gur alov sandım.
Mənə “salamat qal” deməmiş getdin,
Soxuldu qəlbimə dünyanın qəmi.
Sandım ki, sən mənə xəyanət etdin,
Diddi ürəyimi xəyanət dəmi.
Yaman sarsıntıymış dostun yoxluğu,
Sandım ki, birləşdi yerlə göy üzü.
Qubar bağlamışdı ürəyimdə bu,
Qanlı yaş tökürdü könlümün gözü.
Sandım ki, qaraldı dünya gözümdə,
Dəryada batmışdı könlüm gəmisi.
Təsəlli gəzirdim özüm-özümdə,
Yox idi təsəlli kara gələsi.
Bilməzdim, nə vaxtsa gəzdiyim yerlər
Dönüb cəhənnəmə alovlanacaq.
Mənə cənnət gələn yollar, ləpirlər
Həsrət alovuna düşüb yanacaq.
Yollarda qoyduğun ayaq izlərin
Yandırır, dağlayır ayaqlarımı.
Şirin söhbətlərin, şirin sözlərin
İndi damğalayır qulaqlarımı.
Qaynar xatirələr hələ qaynayır
Ocaqda qaynar tək qaynar qazanda.
Kövrək ürəyimlə hələ oynayır,
Onlarla baş-başa tənha qalanda.
Sənsiz bu yerlərdə qala bilmirəm,
Qovrulur ürəyim, yanır ürəyim.
Bu yerlərdən ilham ala bilmirəm,
Dərd olub, qəm olub suyum, çörəyim.