Pərən düşmüş kəpənək tək
Uçur göydə dənəciklər.
Rəqqasə tək rəqs edərək
Naz-nemətlə enəcəklər.
Xəfif külək asta-asta
Qanadında yırğalayır,
Dənələri qucaqlayıb
Ağuşunda tumarlayır.
Yer üzü də həsrət-həsrət
Gözləyir ağ örpəyini,
Nişanlı qız gözləyən tək
Ağ gəlinlik ipəyini.
Kol-koslar da, ağaclar da
Gözləyir ağ ətəyini.
Çılpaq qalmış yamaclar da
Qardan edər bələyini.
Dənəciklər enir yerə –
Biri zirvə, dağ başına.
Taleyinin hökmü ilə
Biri qəbir, başdaşına.
Biri olur yəhər atda,
Biri qonur uca başa,
Biri qalır ayaq altda,
Biri qonur qara daşa.