Könlüm göylər istəmişdi…
Budur, göydə uçuram mən.
Allah qanad verməmişdi,
Gümüş qanad üstündəyəm.
Hər qatını gördüm göyün,
Günəşini seyr elədim.
Dəli könlüm, sən bir öyün,
Bu göyləri dövr elədim.
Gözəl gördüm yeri göydən,
Göy gözüylə baxdım yerə.
İndi bildim mən, bəs nədən
Vurğundu göy yerə belə.
Göylər kimi mən baxıram,
Doyammıram yerdən hələ.
Buludlar tək hey axıram,
Gözləyirəm, sonu gələ.
Topa-topa tüstülərdir,
Axır göydə ağ buludlar –
Göyün yerə həsrətindən,
Yanğısından doğulublar.
Bayaq səma tüstüsünün
Üzərində uçurdum mən.
Gümüş qanad yardı, keçdi,
Xəyalımı uçurdum mən.
İndi bulud qaldı üstdə –
Tüstü deyil, ağ buluddur.
Yer nə bilsin, göy can üstdə,
Həsrətindən qovrulubdur.