Solmaz Şirin

Həyat yaşamağı bacaranındır, onun ilməsindən baş açanındır!​

Özümü özümdə itirmişəm mən,
Özümü özümdə axtarır gözüm.
Artıq saçlarıma səpilibdir dən,
Özüm də bilmirəm hardayam özüm.

Özümü gəzirəm özüm biçimdə,
Tapaydım, ay Allah, özümü bircə.
İtirəm özümlə dərya içində,
Tapaydım, karvanım sona yetincə.

Özüm öz qabımda, yerimdə olsam,
Dağı dağ üstünə, inan, qoyaram.
Özüm qiymətimi, adımı alsam,
Özümün içimdə taparam aram.