Kim kimi harda gəldi, soyur, tamam talayır,
İmkanı varmı, yoxmu, o heç nəyə baxmayır.
Özünün cibi dolu, qarnı tox olsun deyə,
Razıdır həm vicdanın, adın güdaz verməyə.
Müttəhimsən, pul versən, ədalət səninlədir,
İstər cinayətkarsan, istərsə lap başkəsən.
Tələbəsən, pulun var, “on” qiymət səninlədir,
İstər az-maz bilirsən, istər lap boş “başka”san.
Olmasın heç savadın, həm də qabiliyyətin,
Olsun təkcə vəzifə və kabinet niyyətin.
Burda çətin nə var ki, sən etmə zərrə xiffət,
Pulun sənin qulundur, hər şey puluna minnət.
Pulun qurduğu evi heç fələk qura bilməz,
Pulun yıxdığı evi bütün el yıxa bilməz.
İndi pul Simurq quşu, nə istəsən yetirər –
Kimi dağa qaldırar, kimi desən itirər.
Pula arxayın olub sən itirmə hörməti,
Var-dövlət gəldi-gedər, düşün bir Qiyaməti.
Hörmət isə əbədi, səndən də çox ömürlü –
Həm xatirat heykəli, həm sirli, həm sehirli.