Solmaz Şirin
Həyat yaşamağı bacaranındır, onun ilməsindən baş açanındır!
Solmaz Şirin (Şirinova Solmaz Qədimalı qızı) 1954-cü ilin sentyabr ayının 10-da Ağdaş rayonunun Ləki qəsəbəsində ziyalı ailəsində anadan olmuşdur. Atası Mingəçevir şəhərinə dövlət qulluq xidmətinə göndərildiyindən ailəsi ilə birlikdə oraya köçmüşdür.
Şairə 1960-cı ildə Mingəçevir şəhər 10 saylı orta məktəbin 1-ci sinfinə daxil olmuş, 1970-ci ildə həmin məktəbi bitirmişdir. Həmin ildə o, M.F.Axundov adına Azərbaycan Dövlət Rus dili və Ədəbiyyatı İnstitutuna daxil olmuş, 1974-cü ildə institutu bitirib ixtisası üzrə təyinatla Mingəçevir şəhərinə rus dili və ədəbiyyatı müəllimi kimi göndərilmişdir. 1975-ci ildə ailə qurmuş, üç övladı var.
Hələ orta məktəbdə oxuyarkən 14-15 yaşlarında şeir yazmağa başlamış, şeirlərini “Mingəçevir işıqları”, “Azərbaycan gəncləri” və s. qəzetlərdə çap etdirmişdir.
1995-ci ildə ailəsi ilə birlikdə Bakı şəhərinə köçmüş, Bakı Slavyan və Bakı Qızlar Universitetlərində ixtisası üzrə baş müəllim vəzifəsində işləmişdir.
Hal-hazırda Solmaz Şirin “Ayat” qəzetinin təsisçisi və baş redaktorudur. “Qızıl kitab” mükafatı laureatıdır. Tanınmış şair Həkim Qəninin həyat yoldaşı, onun 6 kitabının və bir sıra başqa kitabların redaktorudur.
“Səni gözləyirəm” Solmaz Şirinin ilk kitabıdır. Bu kitabın 1-ci nəşri 2003-cü ildə olmuşdur. 2011-ci ildə oxuculara kitabın 2-ci, təkmilləşmiş nəşri təqdim olunmuşdur. “Solmaz çiçəklər” adlı ikinci kitabı isə 2004-cü ildə işıq üzü görmüşdür. Həmin kitabın 2-ci nəşri 2011-ci ildə olmuşdur. Şairənin 3-cü, “Aforizmlər” adlı kitabı 2011-ci ildə nəşr olunmuşdur. Solmaz Şirinin 4-cü kitabı “Ağlım ürəyimə hökm edə bilmir” adlanır.