Təbiətin gözəl qızı yaz gəldi,
Mövsümünə yeni libas gətirdi.
Ağaclara gül – çiçəklər səpdirib,
Yamaclarda yaşıl xalça bitirdi.
İsti nəfəs gəldi, sanki yeni can
Bəxş etdi ayılan çölə- çəmənə.
Yağışlar yağdırdı, bərəkət verdi
Vətən torpağına, daşına yenə.
Suların bağrına şüalar saçdı,
Çaylar da sevincdən çağladı, daşdı.
Dəniz qollarını həsrətlə açdı,
Oyanmış ləpələr sahili aşdı…
Göllər Günəş üçün yaman darıxmış,
O göy gözləriylə göylərə baxır.
Günəş də sevinir – yola düşdü qış,
Sevinclə oyanmış gözləri axır.
Bülbül daha dözmür bu intizara,
Tikanlı güllərin başına dönür.
Çırpınıb son qoyur bu ahu – zara,
Nəhayət, qovuşur, həsrəti sönür.
Bahar nəfəsiylə, hərarətiylə,
Cücərdir, göyərdir çölü, çəməni.
Öz həyat eşqiylə, məhəbbətiylə
Yaşamaq eşqinə çağırır səni!