Balaca qızcığazam,
Əlimdə gəlinciyim.
Bir nəğmə, bir avazam,
Xoşbəxtdir gələcəyim.
Anamı çox sevirəm,
Atamdır qibləgahım.
Onlarçın mən əsirəm,
Saxlasın qoy Allahım.
Mən gözəl-göyçək sənəm,
Başımın tacı-atam.
Həmişə şipşirinəm,
Olmaram acı, atam!
Öyrənir gəlinciyim
Məndən hər ləyaqəti.
Qoymayır heç inciyim,
Qoruyur məhəbbəti.