Qarabağ döyüşlərində həlak olmuş üç şəhid qardaşının qanını almaq üçün silaha sarılıb cəbhəyə getmiş məğrur, mərhum şairəmiz Məleykə Səma xanıma ithaf edirəm
Aslanın erkəyi, dişisi olmaz,
Aslansan aslanlar ara, Məleykə!
Yeyərdin ətini, içərdin qanın,
Salardın düşməni dara, Məleykə!
Düşmən caynağına düşəndə Vətən,
Silaha sarılıb, məlakə zənən,
Ər oldun ərənlər sırasında sən,
Bənzədin gəmidə dora, Məleykə!
Çiynində avtomat, dilində əsər,
Məğrur Vətən qızı, döyüşçü əsgər,
Canını eyləyib Vətənə sipər,
Baxmadın borana, qara, Məleykə!
Üçrəngli bayrağın kölgəsi altda,
Ananın duası, töhfəsi altda,
Allahın köməyi, şöləsi altda
Etdin yaralara çara, Məleykə!
Ananın, Vətənin qəhrəman qızı,
Qırmızı bayraqlı səma ulduzu,
Şəhiq qardaşların ürəyi, gözü,
Vermədin qartalı sara, Məleykə!
Qoymadın qisası heç Qiyamətə,
Əzəldən düşməndin sən xəyanətə.
Solmaz da heyrandır bu rəşadətə,
Sadiq oldun dosta, yara, Məleykə,
Vurdun düşmənlərə yara, Məleykə!
Dəyişdin dünyanı sonra, Məleykə!