Solmaz Şirin

Həyat yaşamağı bacaranındır, onun ilməsindən baş açanındır!​

Azadlıqla sağlamlığım
qoşa qanad –
azadlıqsız sağlamlığı,
sağlamlıqsız azadlığı
neynirəm?!
Tək qanadla uçmaq olmaz,
zirvələrə qalxmaq olmaz.
Bir qanadsız o birini
neynirəm?!
Azadlıqla sağlamlığım,
sağlamlıqla azadlığım
hərəsi bir görən gözüm.
Hər ikisi olmayırsa,
Günəş nuru almayırsa,
tək bir gözü o birisiz
neynirəm?!
Azadlıqla sağlamlığım
ulu nemət –
zinətlərdən gözəl zinət,
sərvətlərdən gözəl sərvət.
Tək zinəti, tək sərvəti
neynirəm?!
Tək əldən heç bir səs çıxmaz –
Azadlıqsız sağlamlığın,
sağlamlıqsız azadlığın
ruhu qalxmaz!
Onları tək neynirəm?!