Solmaz Şirin

Həyat yaşamağı bacaranındır, onun ilməsindən baş açanındır!​

Darda, çətinlikdə olan zaman mən,
Hamının əsl üzün yaxşı sezirəm.
Maskalı üzlərdən vaxt olur, inan,
Bu qərib şəhərdə, vallah, bezirəm.

Zamandan asılı üzlər görürəm –
Var-dövlət olanda ocaq alışır.
Zamanla dəyişən gözlər görürəm –
Qohumlar qaynaşır, yad doğmalaşır.

Qapının zəngiylə telefon zəngi
Səhərdən axşama hey yarışırlar…
Təriflər, alqışlar burulğanında
Qohum-əqrəbalar aşıb-daşırlar.

Vay o gündən, vəzifə, var-dövlət itə,
Qohum-əqrəbalar, dostlar, tanışlar
Elə bil, yox imiş, ömürlük itər,
Göylərə çəkilər şimşək alqışlar.

Telefon darıxar səssiz-səmirsiz,
Qapı həsrət qalar qonaq üzünə.
Qalanda səs-küysüz, bir hənirtisiz,
Divarlar yeriyib gələr üstünə.

Milçək qana gəlir, arı şirəyə,
İnsan vəzifəyə, vara, dövlətə.
Nə ola insanlar bir-birin çəkə
Ancaq məhəbbətə, bir də hörmətə!

Əbədi olacaq belə yaxınlıq –
Nə evlər işıqsız, nursuz olacaq,
Nə köksüz olacaq belə qohumluq,
Nə güllər vədəsiz, vaxtsız solacaq!