Vətən oğlu, anamız o torpağı unutma,
Qızılgülü saralmış xəzan bağı unutma!
Qarabağ tək gözəlin aqibəti bu imiş…
Qədrini bilməz isən, alçalar qızıl, gümüş.
O nisgilli sinənə çalınçarpaz çəkilmiş,
Sağalmaz yara vuran közü, dağı unutma,
Sən, ey vətən övladı, Qarabağı unutma!
Qanını su tək içdi,sən qan uddur düşmənə,
Övladının qanını su yerinə tökənə.
İç qaniçən qanını, dayanma, dönə-dönə,
Bəsdir dözdün, yetişib qisas çağı, unutma!
Bədəndən ayrı düşmüş əl, ayağı unutma!
Sən, ey vətən övladı, Qarabağı unutma!
Xilas eylə yurdunu düşmənlərin çəngindən,
Gör bir necə Vətənin qızısan, oğlusan sən!
Gir döyüş meydanına, qazan qələbə, əhsən,
Şəlaləsi inləyən dərdli dağı unutma,
Sən, ey vətən övladı, Qarabağı unutma!
Əbəs deyil Pənah xan adı Pənahabadda,
Nadir şahdan dərs alıb o, gəlib çıxdı taxta.
Həmişə abad olub, odur, Pənahabad da.
O özülü, təməli, o dayağı unutma,
Bu qədər yaxın ikən o uzağı unutma,
Sən, ey vətən övladı, Qarabağı unutma!
O əfsanəvi Şuşa bir alınmaz qalaydı,
O, Günəşin nurunu əks etdirən bir Aydı,
Gərək zamanlar boyu o, əlçatmaz qalaydı!
Natəvanlar yetirən o torpağı unutma,
Şah Qacarla vuruşan o bayrağı unutma,
Sən, ey vətən övadı, Qarabağı unutma!
Sən ey vətən övladı, Qarabağı unutma!