Milli Qəhrəmanımız Mübariz İbrahimova ithaf edirəm.
Allah şəhid yaratmış bu Qəhrəman övladın,
Şəhidlik zirvəsinə yüksəltmiş uca adın.
Layiq bilmiş Mübariz adını ata-ana,
Mərd adını doğruldan mübariz övladına.
Vətənini, xalqını uca tutdu canından,
Bu məhəbbət yolunda keçdi özəl qanından.
Qurd ürəyi yemişdi, sanki o, qurd oğluydu,
Onun bu mərd ürəyi kin, qəzəblə doluydu.
O gözləyə bilmədi hücum sərəncamını,
Düşmənin naqisliyi doldurdu səbr camını.
Əlində bir silahla və təkcəcə canıyla,
Hücum çəkdi düşmənə Allahın amanıyla.
Şəhid olmaq onunçun zirvələrin naxşıydı,
Qorxaq tək yaşamaqdan qoçaq ölmək yaxşıydı.
Qəfil hücum çəkərək, o, sərhədi keçərək,
Böyük zərbə endirdi, çox düşmən qırdı gerçək.
Qeyrəti götürmürdü, qeyrətsiz ermənilər,
Halalca yurdumuzdan yağdırsınlar mərmilər.
Solmaz çox fəxr eyləyir mərd Vətən övladıyla,
O, əbədi yaşayır nər Qəhrəman adıyla.