Solmaz Şirin

Həyat yaşamağı bacaranındır, onun ilməsindən baş açanındır!​

Əzizim xoş azanda,
Hikmət var Ramazanda.
Həvəslə oruc tutdum,
Mübarək Ramazanda.

***

Əzizim gülüm məndə,
Xarı bülbülüm məndə.
Sən gülməsən, el gülməz,
Sən gül ki, gülüm mən də.

***

Əziziyəm nə dərdim,
Qarabağı nə dərdim,
Meyitlərin üstündən
Alsaydılar, nə dərdim?

***

Əziziyəm enmədi,
Qəm sevincə dönmədi.
Bütün gedənlər döndü,
Mənim yarım dönmədi.

***

Əzizim bütöv olmaz,
Parasız bütöv olmaz.
Vətənsiz yaşayanın
Ürəyi bütöv olmaz.

***

Əziziyəm yaxşıdır,
İbadət el naxşıdır.
Allah verir qisməti,
Allah bilən yaxşıdır.

***

Əzizim duru qalmaz,
Axar çay quru qalmaz.
Gərək su dibdən gələ,
Su töksən, quyu dolmaz.

***

Əziziyəm saralmaz,
Bülbül olsa, gül solmaz.
Yarı olan vəfasız
Həyatdan heç kam almaz.

***

Əziziyəm Qarabağ,
Ağ qaradır, qara ağ.
Qara günüm ağ olar,
Qaytarılsa Qarabağ.

***

Əzizim hədər olmaz,
Bu ahım gedər, qalmaz.
Taleyi dönük aşiq
Eşqindən kamın almaz.

***

Əziziyəm tay olmaz,
Mərdə namərd tay olmaz.
Vətən qədrin bilməyən
Bilməz, ondan pay olmaz.

***

Əzizim demə naçaram,
Min bir dərdi açaram.
Dilçəyim var, dilim var,
Min qapıya açaram.