Qərib yerdə şah olsan da,
Canın çəkir Vətən odu.
Ən ləzzətli dad alsan da.
Başqa daddır Vətən dadı.
Mişk-ənbər içrə olsan da,
Burnun çəkir Vətən ətri.
Yüz yad sətir, söz görsən də,
Sənə doğma Vətən sətri.
Yolun hamar, düz olsa da.
Gözün çəkir Vətən yolu.
Cibinə var, pul dolsa da,
Könlün, gözün Vətən dolu.
Özün cismən yad ölkədə,
Ruhun, elin Vətəndədir.
Bilirsən ki, sən öləndə,
Son mənzilin Vətəndədir.