Eşqin min bir əzabına dözməyənlər aşiq deyil,
Məcnun kimi səhraları gəzməyənlər aşiq deyil.
Eşqin dərin dəryasında aşiq olan üzsün gərək,
Bu sınaqlar dəryasında üzməyənlər aşiq deyil.
Min dağ-dərə, min burulğan vardır onun dəryasında,
Bu can üzən burulğanı sezməyənlər aşiq deyil.
Aslan kimi məğrur əğyar çıxır onun qarşısına,
O əğyarla haqq-hesabı üzməyənlər aşiq deyil.
Tarix yazır hər bir aşiq öz eşqinin kitabına,
Fərhad kimi dağda tarix yazmayanlar aşiq deyil.
Azğın düşür bəzən aşiq eşqin uzaq yollarında,
Bu azğınlıq nizamını pozmayanlar aşiq deyil.
Bir yuxudur sanki, Solmaz, macərası bu dünyanın,
Bu yuxunu Yusif kimi yozmayanlar aşiq deyil.