Solmaz Şirin

Həyat yaşamağı bacaranındır, onun ilməsindən baş açanındır!​

Uzun illər səni, ey sevgili can, gözləmişəm,
Qılmayıb sirrimi əğyarə əyan, gözləmişəm.

Hər yetən aşiqə aşiq deməyib səbr edərək,
Sən təki eşqimə bir bəxti cavan gözləmişəm.

Gülməyib illər ilə toyda, mağarlarda belə,
Eyləyib göz yaşımı eldə nihan, gözləmişəm.

Taleyin qismətini gözləyərək illər ilə,
Ömrümün yarsı gedib, xeyli zaman gözləmişəm.

Yuxusuzluq yükünə ram eləyib kipriyimi,
Sən kimi bir gülərüz, qaşıkaman gözləmişəm.

Hər kəsin bəxtinin öz ulduzu var göydə deyə,
Mən də öz ulduzuma hökmi-zaman gözləmişəm.

Solmazam ömrə xəzan gəlsə belə nakam ikən,
Kama yetməkdən ötür Haqdan aman gözləmişəm.