Gözlərimdə od qalanır kül altında köz görəndə,
Əyri gözlər düzü əyri, əyrinisə düz görəndə.
Nifrətimin cilovunu tutub çəkə bilməyirəm,
Yaxşılığı görə-görə götürməyən göz görəndə.
Hər kəsin öz ləyaqəti baş tacıdır özü üçün,
Naqislərə acıyıram ləyaqətin az görəndə.
Tanrı bizi hifz eləsin namərdlərin nəzərindən,
Damarımda donur qanım dönük, namərd üz görəndə.
Könlüm sazı dilə gəlir, ruhum coşur pərvaz edir,
Sənətkara bəzək olan məna dolu söz görəndə.
Solmaz deyir: əhdim dönməz, sədaqətə and içmişəm,
Dərya kimi bulanıram xəyanətdən iz görəndə.