Solmaz Şirin

Həyat yaşamağı bacaranındır, onun ilməsindən baş açanındır!​

Yurdumuza bahar adlı naz-nemətli bir qız gəldi,
Əllərində sədəf üzlü, xoş avazlı bir saz gəldi.

Qaranquşlar dövrə vurub səf çəkdilər nəğməsiylə,
Göydə süzüb rəqs edərək sevindilər ki, yaz gəldi.

Gözəlliklər məskəninə döndü yenə hər dağ, dərə,
Şairlərin coşdu təbi, dilə nəğməylə söz gəldi.

Xonça tutdu qız-gəlinlər, Novruz üçün şamlar yandı,
Süfrələrə halal nemət – halal çörəklə duz gəldi.

Şəlalələr şərqisiylə zirvəsini aşıb-daşır,
Fəsillərin ən gözəli, bir sinəsi bəyaz gəldi.

Uzun gecə gündüz ilə bərabər və nurlu oldu,
Gecə-gündüz tarazlaşıb, bir-biriylə dümdüz gəldi.

Əlli bahar qarşıladın sən də, Solmaz, şərafətlə,
Əlli bahar nə imiş ki, bir də gördün ki, yüz gəldi.