Solmaz Şirin

Həyat yaşamağı bacaranındır, onun ilməsindən baş açanındır!​

Əzizim qana-qana,
Zülm etdin qana-qana.
Bilmədin sən qədrimi,
İndi qal yana-yana.

***

Əzizinəm gülsənə,
Sevinsənə, gülsənə.
Qonaq çağır qapına,
Gətirim tər gül sənə.

***

Əzizim hörmət ilə,
Allahın hörmətilə
Açıram orucumu
Allahın nemətilə.

***

Əzizim oda yandı,
Alışdı, oda yandı.
Bir sevgi dünyam vardı,
Alışdı, o da yandı.

***

Əzizim yaradana,
Şükr olsun yaradana.
Bəxş etdi hər neməti,
Borcluyuq Yaradana.

***

Əziziyəm qardaşdı,
Soyuqdu, qardı, daşdı,
Ata malın cəld uddu,
Sanki bişmiş bozbaşdı..

***

Əzizim var qüdrəti,
Neməti, səxavəti.
Allaha qurban olum,
Var böyük kəraməti.

***

Əziziyəm boğulmaz,
Haqq nahaqda boğulmaz.
Yurdum düşmən əlində,
Bundan böyük dərd olmaz.

***

Əzizim qatar-qatar,
Dərdim var qatar-qatar.
Anasın atan oğul
Vətəni atar, satar.

***

Əziziyəm dağ boyda,
Dağ olmaz bu dağ boyda.
Min dərdim var sinəmdə,
Hər biri bir dağ boyda.

***

Əzizim susuz olmaz,
Su töksən, quyu dolmaz.
Vətəni para olan
Ürəyi bütöv olmaz.

***

Əziziyəm baş əyməz.
Gözütoxlar baş əyməz.
Vətən satan nakəslər
Qara qəpiyə dəyməz.

***

Əziziyəm qanaram,
Yollarında fanaram.
Göz yaşlarım olmasa,
Od tutaram, yanaram.

2019 Solmaz Şirin. Müəllif hüquqları qorunur.

Powered by Megavision International