Əziziyəm verəndir,
Qismət Allah verəndir,
Allahın izni olsun,
Allah rəva görəndir.
***
Əzizim şirin olur,
Baldan da şirin olur.
Nənə üçün nəvənin
Dadı şipşirin olur.
***
Əzizim xoş yazınla,
Qışınla, payızınla.
Ramazan, xoş gəlmisən,
Nurunla, avazınla.
***
Əzizinəm sirr daşı,
Açıb-tökmə, sirr daşı.
Oğul düşmən çəpəri,
Qız qəlbinin sirdaşı.
***
Əzizinəm düzləri,
Dərə, təpə, düzləri.
Vətənini satanın
Qoy kor olsun gözləri.
***
Əziziyəm bir üzdən,
Bahadır astar üzdən.
Baş açarsan birindən,
Dad-aman neçə üzdən.
***
Əziziyəm azdır, az,
Acgöz acdır, heç doymaz.
Yeyər bütün dünyanı,
Qarın doysa, göz doymaz.
***
Bulud kimi doluram,
Çiçək kimi soluram.
Yar uzaqda, mən burda,
Qərib kimi qalıram.
***
Əzizim ulduz axdı,
Qəfildən şimşək çaxdı.
Bu eşqi ox ucunda
Qəlbimə yarım taxdı.
***
Əziziyəm alardım,
Hər dərdinə qalardım.
Bilsəydim dərd satırsan,
Onu da mən alardım.
***
Əzizim, qoy, dara düşsün,
Dərd-qəm odunda bişsin.
Düşmən özündən betər
Düşmən əlinə düşsün.
***
Əzizim həsir olsun,
Kor olsun, yesir olsun.
Xalqını əsir edən
Ömürlük əsir olsun.
***
Əziziyəm bilərdim,
Göz yaşımı silərdim.
Çatsa əlim əlinə,
Ağlamazdım, gülərdim.