Solmaz Şirin

Həyat yaşamağı bacaranındır, onun ilməsindən baş açanındır!​

Əziziyəm Qarabağ,
Adı kimi qara bağ.
Bəxti qara gətirdi,
Əsir oldu Qarabağ.

***

Əzizim yaz gələndə,
Günlər taraz gələndə.
Yarıma qurban olum
Əlində saz gələndə.

***

Əzizim qardaş yaxşı,
Qardaşa sirdaş yaxşı.
Gen olsa, arxa olmaz,
Dost olsa qardaş, yaxşı

***

Əziziyəm yar aldı,
Aydın günüm qaraldı.
Bir ürəyim qalmışdı,
Onu da ki yar aldı.

***

Əzizim tikan alır,
Bağçanı tikan alır.
Qardaş var, tikə bölür,
Qardaş var, tikən alır.

***

Əziziyəm acı var,
Bir də qardaş acılar.
Ağlar ata yurduna
Həsrət qalmış bacılar.

***

Əzizim bütöv olmaz,
Parasız bütöv olmaz.
Vətənsiz yaşayanın
Ürəyi bütöv olmaz.

***

Əziziyəm qalmaram,
Könlü rahat olmaram.
Çaxar şimşək qəlbimdə,
Olanacan düşmən ram.

***

Əziziyəm yar aldı,
Aydın günüm qaraldı.
Bir ürəyim qalmışdı,
Onu da ki yar aldı.

***

Əziziyəm alardım,
Üst-üstünə qalardım.
Sənə dərdi qıymazdım,
Səninkin də alardım.

***

Əzizim parçalansın,
İsa tək haçalansın.
Torpağı parçalayan
Torpaq tək parçalansın.

***

Əzizim atmaq kimi,
Ananı atmaq kimi.
Düşməni bağışlamaq
Vətəni satmaq kimi.

***

Əziziyəm olmaram,
Heç yadımdan salmaram.
Sən varsan ki, mən varam,
Sən olmasan, olmaram.

2019 Solmaz Şirin. Müəllif hüquqları qorunur.

Powered by Megavision International