Solmaz Şirin

Həyat yaşamağı bacaranındır, onun ilməsindən baş açanındır!​

“Yaxşı işlərdə valideynə kömək edən övlada, həmçinin yaxşı işlərdə övladına kömək edən valideynə, qonşunun öz qonşusuna, dostun öz dostuna, şərikin öz şərikinə və yaxşı işlərdə hökumətə kömək edənə Allah rəhmət eləsin”.
“İki şey var ki, heç bir xeyirli iş onlardan yuxarı ola bilməz: Allaha inam, bəndələrə yaxşılıq”.
“İki şey var ki, heç bir şər onlardan pis ola bilməz: Allaha şərik qoşmaq, camaata əziyyət vermək”.
“Bir millətin ki başçıları qadın ola, o millət nicat tapmaz.”
“Allah-təala Qiyamət günü 3 nəfərə lap çox əzab edər: zinakar qocaya, yalançı hakimə, təkəbbürlü fəqirə”.
“Əməllərin ən gözəli 3 şeydir: güclü olan zaman təvazökarlıq, qüdrət sahibi olan zaman güzəşt, minnətsiz bəxşiş”.
“Üç nəfər haqqında qiybət caizdir: zalım padşah, fasiq və şərabxor”.
“Üç şeyə insanların çox ehtiyacı vardır: əmin-amanlıq, ədalət, bolluq”.
“Üç şey həyatı qaraldar: zalım padşah, pis qonşu, çox danışan arvad”.
“Hər kəs bir şey ələ gətirmək xatirinə bir zalım padşahı mədh etsə, Cəhənnəmdə ona yoldaş olar”.
“Cavanlarımızın yaxşıları onlardır ki, özlərini qocalara oxşadar, qocalarımızın pisi onlardır ki, özlərini cavanlarımıza oxşadar”.
“Allahın ən çox sevdiyi şey zalıma və ya qəflət içindəki qüvvət sahibinə həqiqəti söyləyə bilməkdir”.
“Ədalətlə iş görən bir rəhbərin ədalət içində keçirəcəyi bir gün altmış illik nafilə ibadətdən xeyirlidir”.
“Bir qövm ki, zəifi qüvvətlisindən haqqını ala bilməzsə, yəni bir məmləkətdə ədalət və hüquq bərabərliyi olmazsa, artıq o hümmətdən bir xeyir umulmaz”.
“Bir zalıma və haqsıza yardım etmək üçün onunla bərabər gedənlər islamiyyətdən uzaqdır”.
“Bir kimsə bilərək zalımın zülm etməsinə yardım edərsə, müsəlmanlıqla əlaqəsi yoxdur”.
“Bizdən zorla alan bizdən deyil”.
“Bir şeyə məmur edilən bir kimsə maaşından ziyadə bir şey alırsa, Qiyamətdə əli-ayağı bağlı olur”.
“Bir hakim qəzəbli olduğu zaman iki şəxs arasında hökm verməsin”.
“Bir kimsə Allah rizası üçün bir qazini (veteranı) təchiz edərsə və onun ailəsinə yaxşı baxarsa, o da savaşa getmiş kimidir”.
“Bu daş (Kəbədəki Hacərül-Əsvəd) Cənnətdən endirildiyi zaman süddən daha bəyaz idi. İnsanların günahları və xətaları onu qaraltdı”.
“Cəhənnəmə ilk girənlər bunlardır:
Zülm və haqsızlıqla idarə edən hökmdar, dövlət adamı;
Allahın haqqını verməyən şəriət sahibi;
Təkəbbürlü fəqir”.
“Adil bir dövlət böyüyü hər gün millətinin savabı qədər savab qazanır, onun bir namazı 90 min namaza bərabərdir”.
“Haram loxma girmiş bir mədə sahibinin duası 40 gün qəbul olunmaz. Əgər bu loxma mədəsindəykən ölərsə, yeri Cəhənnəmdir”.
“Əgər 2 dostunuz arasındakı bir münaqişədə hakimlik etməyinizi istərlərsə, qəbul etməyin. Sonra bir dostunuzu itirərsiniz. Əgər yadlar arasında hakimliyinizi istərlərsə, qəbul edin. Çünki bir dost qazanarsınız”.
“Haqsızlıq etməyin. Çünki zülmün cəzası Qiyamət günündə qaranlıqlar içərisində qalmaqdır”.