Solmaz Şirin

Həyat yaşamağı bacaranındır, onun ilməsindən baş açanındır!​

Qarşımdakı kitab

Qarşımda bir kitab var –“Solmaz çiçəklər”dir adı bu kitabın. “Qızıl kitab” mükafatı almışdır bu kitab. Müəllifi Solmaz Şirindir (Solmaz Qədimalı qızı Şirinova). Bu ad mənə çoxdan tanışdır və mənim üçün çox əzizdir. Çünki gözəl tələbəlik illərinin xoş xatirələri bağlıdır bu adla. Bu xanımla 1970-ci ildən tanışam. Bir institutda, eyni kursda, eyni qrupda təhsil alırdıq.

Xoş bir təsadüf baş verdi bu yaxınlarda. Düz 38 il sonra onun xoş səsini eşitdim. Sonra isə özünü, onun xoş üzünü gördüm. Çox sevindim və ruhum şad oldu. Bu təsadüf mənə yeni yaradıcılıq imkanları və ruh yüksəkliyi verdi.

Hadisə belə baş verdi: Bizimlə Ənvər adında Zaqataladan olan bir oğlan oxuyurdu. Qrup nümayəndəmiz idi. Savadlı, mehriban, gülərüz, mədəni və mərifətli bir oğlan idi Ənvər müəllim. O, indi sabiq məktəb direktoru, Zaqatala təhsil sahəsinin qabaqcıl pedaqoqlarından biri, məktəbdə tədris hissə üzrə direktor müavinidir. Mənim onunla ara-sıra əlaqələrim olurdu. Eyni zamanda, Astara rayonundan olan şair dostumuz və tələbə yoldaşımız Arif müəllim də bizimlə əlaqə saxlayırdı.

Günlərin bir günündə mənə bir telefon zəngi gəldi. Səsini tanımadığım bir qadın mənimlə yarızarafat bir söhbət edərək, məndən onun kim olmasını söyləməyimi soruşdu. Düzü, tanımadım … Bir dövr keçdi.

Bir gün mənim işlədiyim “Zaman “ təhsil mərkəzinə orta yaşlı, yaraşıqlı bir qadın gəldi, məni soruşdu və görən kimi tanıdı. Lakin mən onu yaxşı tanıya bilmədim. Uzun müddət söhbət edəndən sonra, nəhayət, kim olduğunu mənə söylədi. Çox güldük və sevindik. O, az dəyişsə də, mən onun adını unutmuşdum.

Nə isə … Bu xanım həmin o Solmaz xanım Şirinova idi …Yeni bir impuls, yeni bir abu-hava daxil oldu həyatıma. Yeni bir vüsal qondu içimə. Zira, bu qadının daxili aləmi mənim daxili aləmimlə həmahənglik təşkil edir, sanki onu tamamlayır. ”Ayat “ qəzetinin təsisçisi və baş redaktoru imiş Solmaz xanım. Çox bacarıqlı bir redaktor, gözəl şairə, publisist və filosof qadın imiş. Məni də öz qəzetinə dəvət etdi və birlikdə yaradıcılıq aləminə qovuşduq. Şeir sənəti yaradıcılığında bilmədiyim bəzi məqamları mənə anlatdı Solmaz xanım. Çünki o, nadir, gözəl qələm ustası, şeir aləminin sərkərdələrindən biri sayılan füzulişünas alim, qəzəl ustadı, tərcüməçi rəhmətlik həkim və şair Həkim Qəninin həyat yoldaşı imiş və ondan şeir dünyasının bütün sirlərini çox yaxşı öyrənmiş, hər şeyə bələd olmuşdur. Mənə də çox şeyi öyrətdi. Buna görə də, hətta artıq çap olunmuş “Can Vətən” şeirlər kitabımı təzədən araşdırıb, nöqsanları düzəldərək yenidən çapa hazırladım …

Qayıdaq əvvəlki söhbətə…Qarşımdakı kitaba….

Bu şeir kitabı başqa kitablardan fərqlənir. Çünki burada Solmaz xanım öz gözəl fikirlərini, fəlsəfi düşüncələrini, nadir ifadələri, arzu və amallarını özünəməxsus şəkildə izhar edərək oxucuda çox gözəl təəssürat yarada bilmişdir. Ən önəmlisi odur ki, Solmaz Şirin şeirin bütün vəznlərindən, janrlarından və bədii ifadə vasitələrindən məharətlə istifadə edir.

Kitabdakı əsərləri bir neçə mövzuya bölmək olar:

Vətən məhəbbəti və vətənpərvərlik ruhunda yazılmış şeirlər
Ana məhəbbəti və valideyn sevgisi
Müəllim və mənəvi ata
Zaman haqqında düşüncələr
Məktəb və təhsil
Ülvi məhəbbət
Xanımlar, kişilər haqqında, ismət və mərdlik
Xəyanət və sədaqət
Təbiət və fəsillər

Tənhalıq və xəyal aləmi, xatirələr
Nikbinlik
Qəzəllər
Aforizmlər
Həkim Qəninin və Solmaz Şirinin bir-birinə həsr etdiyi sevgi dolu şeirlər
Həkim Qəni ilə Solmaz xanımın şeirləşməsi və s.

Kitabın elə ilk səhifəsi “Azərbaycanım” şeiriylə başlayır. Onun sözlərindən şairənin vətənə, ölkəmizə, doğma yurda olan məhəbbət hissi açıq-aşkar görünür:

Sən mənə anasan, anamdan əziz,
Sənə məhəbbətim dənizdir, dəniz.
Ömrümün bir anı keçməsin sənsiz,
Ey mənim varlığım, qəlbim, vicdanım,
Mən sənə qurbanam, Azərbaycanım!

Şairə ana məhəbbəti və valideyn sevgisi mövzusundan yan keçməmiş, “Mənim anam” şeirində bu mövzuya elə gözəl yanaşmışdır ki, oxuduqca adam valeh olur:

Azərbaycan qadınının
İsməti var üz-gözündə.
Onun qartal qanadının
Kölgəsi var yer üzündə.

Şükür edir, razı qalır
Allahından mənim anam.
Keçə bilir çoxlarının
Günahından mənim anam.

Başqa bir şeirdə Solmaz xanım mərhum anasını göz yaşlarıyla xatırlayaraq belə deyir:

Sənsiz bu dünyada qala bilmirəm,
Sənsiz varlığım, san, od tutub yanır.
Gözümdə qaralıb işıqlı dünya,
Yetim qalan canım oda qalanır.

Gəlib sığınıram məzar daşına,
Köhnə qəbristantək qəlbim sökülür.
Axır qana dönən gözümün yaşı,
O sarı güllərin üstə tökülür.

“Röyalara möhtacam” şeiri bu mövzuda çox aktual səslənir:

Həyatıma gəlməsən də,
Gözəl anam, yuxuma gəl.
Aşkar deyib- gülməsən də,
Heç olmasa, yuxumda gül.

Röyalardır, röyalardır
Aman-zaman güman yerim.
Yoxdur başqa umacağım,
Röyalardır uman yerim.

Müəllim mövzusu şeiriyyat aləmində müxtəlif çalarlarda əksini tapmışdır. Lakin Solmaz xanım özü də bacarıqlı bir pedaqoq, qabaqcıl müəllim olduğu üçün bu sənətin dəyərini, məsuliyyətini, qədrini çox yaxşı bilir və onu da çox gözəl ifadələrlə səsləndirmişdir:

Müəllim bulaqdır, zəka bulağı,
Böyük bir ümmandır fikri, amalı.
Başımız üstündə kölgə budağı,
Yollara mayakdır o Ay camalı.

Hər bir şair, təbii ki, zaman və dövran, tarix və şəxsiyyət, təsadüf və zəruriyyət kimi dialektik amillər haqqında fikirləri öz düşüncəsinə görə təsvir edir. Solmaz xanım da bu mövzulara öz tərzində yanaşmışdır:

Zaman yetişdirir insan ağlını,
Ömür zirvəsinə zaman qaldırır.
Heç başa vurmamış arzularını,
Ayrılıq təbilin zaman çaldırır.

Hər bir insanın qəlbində məktəb illəri xüsusi yer tutur. O, hansı şəxsdir ki, məktəb illərini unutsun, onlar yada düşəndə qəlbi kövrəlməsin, xatırlayarkən duruxsunmasın, qəmlənməsin? Solmaz xanım həm bir pedaqoq və həm də keçmiş şagird, tələbə kimi məktəb illərini heç unutmur, onları nastolji hisslərlə yada salır:

Yandırdı, odladı ayaqlarımı
Qaynar izlərimlə məktəb yolları.
Aldım o illərdən soraqlarımı,
Mənə intizarmış onun qolları.

Ah, nələr danışır, ah, deyir nələr,
Sinəmi yandıran od xatirələr…
Kövrəldir qəlbimi quzu tək mələr,
Keçmişi andıran od xatirələr.

Daha bir məşhur mövzu eşq aləmiylə bağlı mövzudur ki, şairi də eşqsiz təsəvvür etmək olmaz. Bu sahədə Solmaz xanımın fikirləri çox obrazlı, düşüncəli, dərin, rəngarəng və dəyərlidir. Zira, bu xanım eşqin əsl dəyərini anlayan şəxslərdəndir:

Həmdəm istəyirəm, həyat yolunda
Büdrəsəm, dayağım, dirəyim olsun.
Həmdəm istəyirəm, qolu qolumda,
Ürəyi də mənim eşqimlə dolsun.

“Sevdir özünü” şeiri bu mənada ən lakonik və ən dəyərli sözlərlə cilalanıbdır:

Özünü sevdir mənə,
Necə mən sevdirmişəm.
Elə et, sevim səni,
Necə ki sən sevmisən.

Solmaz xanım saf əqidəli, təmiz əxlaqlı, pak ruhlu bir xanım olaraq istər kişilərdən, istərsə də qadınlardan qeyrətli, ismətli, ailəcanlı, övladsevən, gözəl ailə başçısı olmağı tələb edir və bu hissləri “Ata qoyma adını” şeirində belə təsvir edir:

Ləyaqəti, vicdanı
Sən çöllərə atmısan.
Övladını arağa,
Eyş-işrətə satmısan.

Şərt deyil ki, dünyaya
Gətirəsən övladlar.
Çatmamısan haraya,
Nə atalıq adın var?!

Solmaz xanım nikbin ruhlu, həyatın mənasını dərindən anlayan və yaşamağın qədrini, təhrini bilən bir insandır ki, bunu aşağıdakı “ Elə yaşayaq ki” şeiri və digər fikirləri sübut edir:

Yaşamaq gözəldir, qədrini bilək,
Ağlayan dünyanın göz yaşın silək.
Həyat gözümüzdə dönsün bir toya,
Gül açsın gözlərdə hər arzu-dilək.

Solmaz xanım qəzəllər də yazır. “Gözləmişəm” rədifli qəzəli diqqətimi çox çəkdi:

Uzun illər səni, ey sevgili can, gözləmişəm,
Qılmayıb sirrimi əğyarə əyan, gözləmişəm.

Hər yetən aşiqə aşiq deməyib, səbr edərək,
Sən təki eşqimə bir bəxti cavan gözləmişəm.

Kitabın bir hissəsində Solmaz xanımın aforizmləri yer tutur. Onlardan bir neçəsini nümunə göstərim:

Əməl insanın güzgüsüdür.

Ləyaqət insanın baş tacıdır.

Qiymət verməyi qiymətli adamlar bilərlər.

Azadlıqda ölmək məhbəsdə yaşamaqdan yaxşıdır.

İdrak ən uca zirvələr fəth edər.

Həyatın sərt üzü öyrədər bizi.

Gözəllik gözəllik yaradar.

Yalan xəyanət xəmirinin mayasıdır.

Qəlbi qaranın həyatı da qara olar.

Yaxşı həyat yoldaşı xəzinə misalındadır.

Solmaz xanım çox hörmətli sənətkar Həkim Qəninin həyat yoldaşı, can sirdaşı, qələm yoldaşı və dostu olmuşdur. Onlar bir-birilərinə çoxlu şeirlər həsr etmiş, hətta şeirləşmələr etmişlər. Bu şeirlərdən onların bir-birini nə qədər sevmələri, anlamaları, dərk etmələri və cani-bir dost olduqları hiss olunur. Kitabdakı şeirlərdən biri olan Solmaz Şirinin “Tapılmır” şeirini və Həkim Qəninin ona cavabını misal gətirə bilərəm:

O necə sazdır ki, görən, sinəmdə,
Onun ahəngini alan tapılmır?!
Necə möcüzə var məhəbbətimdə?!
Onun avazına dalan tapılmır,
Məhəbbət havası çalan tapılmır!

Həkim Qəninin cavabı:

Sanki bir saz varmış Sənin sinəndə,
Səni bu sevdadan alan tapıldı!
Alıb öz atəşin sinəsi üstə,
O könül sazını çalan tapıldı,
Səni bu sevdaya salan tapıldı!

Könlümü sevərək verərəm Sənə,
Buna zamin olan məndə vicdandır.
Bir can nə imiş ki, qurbanın ola,
Min canım da olsa, Sənə qurbandır!

Solmaz xanıma çoxlu şeirlər həsr olunub. Söhbətimin sonunda mən də ona qısaca bir şeirimlə müraciət edir, can sağlığı, yaradıcılıq uğurları və yeni-yeni kitablarının işıq üzü görməsini arzulayıram. Onu da qeyd edim ki, hər gün internetdə bu xanımın Solmaz Şirin saytına və facebook səhifəsinə daxil olaraq onun gözəl şeirlər çələngini həvəslə, bəh-bəhlə oxuyur və çox ruhlanıram.

Sənin qəlbin bulaqlardan təmizdir,
Oxşarın yox, ruhun mənə əzizdir.
Lalə tək qızarır alma yanağın,
Məqsədin, məramın coşqun dənizdir.
Allahım nə gözəl xəlq edib səni?!
Zarafatın dadlı, sözün səmimi.

Şəmsəddin Canıyev
Şair-publisist, tərcüməçi