Yüksəlt, ucalt, işıqlandır bu şərəfli adını,
Sən şərəflər dünyasısan, Azərbaycan qadını!
Həcər, Nigar yadigarı, mərd oğullar anası,
Haqqın, sülhün sədasısan, Azərbaycan qadını!
Məhsətinin, Natəvanın böyük adı, hikməti,
Söz və sənət ziyasısan, Azərbaycan qadını!
Eşqə sadiq, yara layiq, haqsızlığın qənimi,
Saf məhəbbət vəfasısan, Azərbaycan qadını!
Həm anasan, həm bacısan, həm də ömür yoldaşı,
Xoş həyatın səfasısan, Azərbaycan qadını!
Seçilirsən dünyamızda qadınların içində,
Namus-qeyrət nidasısan, Azərbaycan qadını!
İsmət, namus çarşabındır, abır-həya yaşmağın,
Sən məhəbbət dəryasısan, Azərbaycan qadını!
Günəş kimi nur saçırsan elmin, fənnin yolunda,
Min bir dərdin şəfasısan, Azərbaycan qadını!
Sən aslansan, aslanların olmaz erkək-dişisi,
Saf məhəbbət fədasısan, Azərbaycan qadını!
Solmaz səni vəsf elədi qəzəlində qürurla,
Sən analar anasısan, Azərbaycan qadını!