Solmaz Şirin

Həyat yaşamağı bacaranındır, onun ilməsindən baş açanındır!​

Duyuram şərəfsiz “ləyaqət”ini,
Vətəni, ananı atan görəndə.
Dəyərli neməti dəyərsiz bilib,
Bahanı ucuza satan görəndə.

Yerində danışıb, deyib-gülməyib,
Yuxulu gözünü belə silməyib,
Şirini acıdan seçə bilməyib,
Yaxşını yamana qatan görəndə.

Qanan məclisinə o qanmaz gəlib,
Özünün halında olana gülüb,
Özgə kölgəsini özünkü bilib,
Hazıra nazir tək yatan görəndə.

Qaralır al qanım, solur bənizim,
Elə bil, quruyur ümid dənizim,
Çaylar tək çəkilir, yox olur sözüm,
Karsızı rütbəyə çatan görəndə.

Girişib millətin o, talanına,
Geyir baha malın ucuz canına.
Dözə bilməyirəm ağ yalanına,
Halalı haramda batan görəndə.

Qara ləkə salar, ağ ləkə salmaz,
Ağa qara yaxan ağ günlü olmaz.
Necə saralmasın, solmasın Solmaz?!
Şələsin böhtandan çatan görəndə,
Filin qulağında yatan görəndə,
Yaxşını yamana satan görəndə!

2019 Solmaz Şirin. Müəllif hüquqları qorunur.

Powered by Megavision International