Solmaz Şirin

Həyat yaşamağı bacaranındır, onun ilməsindən baş açanındır!​

Yaranışın oldu böyük bir bayram,
Yaşa, yarat, var ol, “Ozan” məclisi!
Böyü, boy at, ol zirvələr qartalı,
Zirvə dağda qar ol, “Ozan” məclisi!

Ulu Ozan davamçısı, carçısı,
Dastanların ürəyinin parçası,
Dədə Qorqud yollarının yolçusu,
Bağlarında bar ol, “Ozan” məclisi!

Tuti dilli aşıqların sehrinə,
Qədim Ozan dünyasının bəhrinə,
Dədə Qorqud qopuzunun təhrinə,
Saza, sözə yar ol, “Ozan” məclisi!

“Zərin qədrin zərgər bilər”, – deyiblər,
Anlayanlar sözdən əba geyiblər,
Anlamazlar sanmayıblar bir əsər.
Tənələrə kar ol, “Ozan” məclisi!

Paxıllardan, xəbislərdən uzaq ol,
Cığırlardan aç özünə böyük yol.
Solmaz deyir: şəfəqqətlə, nurla dol,
Xəbislərə dar ol, “Ozan” məclisi,
Şöhrətinlə var ol, “Ozan” məclisi.