Kim verməyir, heç verməsin,
Allah versin qiymətimi.
Kim görməyir, heç görməsin,
Allah görsün niyyətimi.
Kim saymayır, heç saymasın,
Allah saysın savabımı.
Halal yeyim, halal gəzim,
Halal alım cavabımı.
Kim dalaşsa, kim savaşsa,
Qisas almaq istəmərəm.
Divan üçün, qisas üçün
Allahımdan dad istərəm.
O yaratmış bəndələri,
İxtiyar da əlindədir.
Allah adı, Allah eşqi
Ürəyimdə, dilimdədir.
Mən kiməm ki, o Yaradan
Bəndəsinə divan tutam?
Mən kiməm ki, O, var ikən
Yaranmışa ziyan tutam?
Allah birdir, bəndəsi çox,
Olaq onun nəzərində.
O görəndir cüzi səhvi
Hər bəndənin əsərində.
Gec eləyər, güc eləyər,
Səbri çoxdur Allahımın.
Təkdir Allah, birdir Allah,
Misli yoxdur Allahımın!