Solmaz Şirin

Həyat yaşamağı bacaranındır, onun ilməsindən baş açanındır!​

Eşq nə qədər gizli olsa, bir o qədər sirli olar,
Gözə gəlməz, pis nəfisdən, bədnəzərdən uzaq qalar.

Eşq nə qədər sirli olsa, bir o qədər güclü olar,
Eşq bu qədər güclü olsa, nə saralar, nə də solar.

Eşqə sadiq olsaq əgər, iki könül bir döyünər,
İki könül bir vurğuyla həm döyünər, həm öyünər.

Aramıza buraxmasaq həm şeytanı, həm əğyarı,
Bütöv qalar bu sevdamız, o kəm olub qalmaz yarı.

Biz əl-ələ verib əgər çıxsaq eşqin yollarına,
Əhdü peyman sabit olar, qüvvə gələr qollarına.

Qədrini bil məhəbbətin, sədaqətin hər an, Solmaz,
Bu aşiqdən, məhəbbətdən qismətində bir də olmaz.

2019 Solmaz Şirin. Müəllif hüquqları qorunur.

Powered by Megavision International