Solmaz Şirin

Həyat yaşamağı bacaranındır, onun ilməsindən baş açanındır!​

İçimlə çölüm əks-
içimdə cəhənnəm,
çölümdə cənnət.
İçimdə tonqallar,
ocaqlar yanır,
çölümsə, cənnət bağı –
gözəlliklə, naz-nemətlə doludur.
Təpədən-dırnağa
od-alovam, yanıram.
İçimdəki tonqalları
heç kim görmür, alışmır,
tək dözürəm bu yanğıya,
bu dağa.
Çölümdəki gözəlliksə,
məni deyil,,
özgələri yandırır.
Heç kim görmür,
heç kim bilmir –
içimdəki tonqalların
işığıdır gözümdəki qığılcım,
içimdəki yanğıların közərtisi
yanağıma çökübdür.
Mən neyləyim? Allah mənə
can yerinə od veribdir –
“içi özümü, çölü özgəni
yandırır”.