Solmaz Şirin

Həyat yaşamağı bacaranındır, onun ilməsindən baş açanındır!​

Tək, atasız, əzab ilə
Böyütdü bir oğul ana.
Ötən günü, ayı, ili
Sandı şirin nağıl ana.
O, namusla, təmiz adla
Verdi kişi adı ona.
Bəs, özünün giymətini
Necə gördü, aldı ana?!
Qərib eldə o, oğluna
Bir neçə ay qonaq oldu.
Əməliyyat olunaraq
Xəstə oldu, yataq oldu.
Elə bil ki, oğul yadmış,
Çox pis baxdı o, anaya.
Biganəlik, soyuqluqla
Nifrət saldı o, araya.
Öz dostunun yanındaca
Təhqir etdi, hey alçaltdı.
“Tənha!” – deyib lağ elədi,
Ana qəlbin hey göynətdi,
Ana gəlbin hey hıçqırtdı…
Onu atmış atasıyla
Anasını o, tən tutdu,
Onu Vətən tutmalıykən
Atasına o, tən tutdu.
Qabararaq anasına,
Söylədi ki, heç biriniz
Həyatımın yollarında
Mənə heç nə etmədiniz!
Göydən düşmüş ildırım tək
Parçalandı ana qəlbi,
Sanki odlu qığılcımı
Qazdı yerdə ana qəbri.
Oğul bilmir, yer üzündə
Zirvələr var uca, qəlbi.
Zirvələrin hamısından
Ən ucadır ana qəlbi.
Duruxsundu bir an ana:
-Görəsən, bu nankor oğul
Heç sanırmı özün xoşbəxt?
Ona gəlir həyat nağıl,
Ayılacaq nə vaxt bədbəxt?!
Yada düşdü əsgərliyi,
Qaradağın toz çöllüyü.
Yada düşdü itirilmiş
Saf gəncliyi, gözəlliyi.
Yasa batdı bu tapdanmış
Yaşıl, geniş düzənliyi.
“Hayıf! – dedi, – ümidlərim
Dəydi daşa, çıxdı boşa”.
Alt-üst olub saf dünyası,
Yerə-göyə sığmır ana…
Ümid axır nəfəsdədir –
Can tapşırır, can üstdədir.
Ananın qan-yaş gözləri
Hey yalvarır öləziyən,
Solan ümid gözlərinə.
Deyir: mənə vermə ziyan,
Allaha bax, Tanrıya bax!
Qərib eldə atma məni!
Tək ümidim sənə, ancaq,
Sən oğluma satma məni!
Doğma oğul atırsa, bəs,
Ümiddən dad, imdad əbəs!
Əli boşa çıxmış ana
Qərib yerdə, yad elində
Gəlib çıxdı elə ana,
Gördü, ümid yox əlində.
Qərib eldə ürəyində,
Xoş guşədə yer bellədi,
Ürəyinin özəyində
Ümidini dəfn elədi.