Şəhid Elçin Bağırovun əziz xatirəsinə
Şəhidlik zirvəsi qismətin oldu,
Allah rəva bildi bu şəhadəti.
Köksün Vətəninə sevgiylə doldu,
Alışdı qəlbində torpaq həsrəti.
Atanın, ananın bircə balası,
Onları unutdun, Vətəni tutdun.
Yaman ağrıdırdı Vətən bəlası,
Özünü od-alov içinə atdın.
Yuxuda demisən: Ana, ağlama,
Ağlasan qalmaram, küsüb gedərəm.
Səhər soyuq olur ora, ağlama,
Mən cənnət quşuyam, uçub gedərəm.
Həyatda ev-eşik qura bilmədim,
Cənnətdə məkanım gözəldir, ana.
Bağışla ki, dayaq dura bilmədim,
Sənə və atama, ana, ağlama.
Ana, ürəyinə gəlir ki, sağam,
Əlimdə gitaram və gül dəstəsi,
Gözləyirsən bir gün qayıdacağam,
Ana, oğlun şəhid, olma xəstəsi.
Keçdim Cəbrayılı, Füzulini mən,
Bayraqlar asdıqca olurdum heyran.
Tülkü tək qaçırdı qarşımda düşmən,
Qubadlıya verdim canımı qurban,
Ana, sən ağlama, canına qurban!
28.10.2021, s.13