Solmaz Şirin

Həyat yaşamağı bacaranındır, onun ilməsindən baş açanındır!​

Yerlə yeksan olub torpağın, elin,
Doğmalar əlindən çıxıbdır əlin.
Düşmənlər əlində lal olub dilin.
Gələcək o gözəl gün də, Xocalım,
Azad olacaqsan sən də, Xocalım!

Sinən parçalanıb, çarpaz dağın var,
Arxanda millətin, yenməz dağın var,
Otuz ildən sonra xoş fərağın var.
Azca da səbr elə, ümdə Xocalım,
Azad olacaqsan sən də, Xocalım!

Bir uca zirvəsən Qarabağımda,
Xəzana dönmüsən yaşıl bağımda,
Ən yanğılı dağsan Vətən dağımda.
Üstündən gedəcək çən də, Xocalım,
Azad olacaqsan sən də, Xocalım!

Düşmənə od qoydu igid Ordumuz,
Sənə də yetəcək, var ümidimiz,
Qarabağ bütövcə bizim yurdumuz.
Çal-çağır olacaq səndə, Xocalım,
Azad olacaqsan sən də, Xocalım!

18.02.2022, s.12