Gözəl diyarımın gözəl paytaxtı,
Bəxtəvər gözəl tək yazılmış baxtın,
Qara qızıldandır təməlin, taxtın,
Gözəllər gözəli, canımsan, Bakı,
Şərəfim, şöhrətim, şanımsan, Bakı!
Sinəndə açılıb güllər, çiçəklər,
Bülbülə hay verir tər-tər ləçəklər,
Xəzərin dalğası, qırçın ətəklər.
Gözəllik diyarı, sultansan, Bakı,
Sən qədim olsan da, cavansan, Bakı!
Ana tək verərək sən məhəbbəti,
Qoynuna alırsan hər bir milləti.
Sülhün carçısısan, eşqin zinəti,
Sinəndə körpülər, binalar qalxır,
Hər yanın parlayır, nur seli axır!