Solmaz Şirin

Həyat yaşamağı bacaranındır, onun ilməsindən baş açanındır!​

Zaman quş qanadlı, uçur ömürdən,
Aylar bir-birini elə hey qovur.
İl də başa çatır, qaçır ömürdən,
Nədir bu qaçhaqaç, bu nə vurhavur?

Zaman yetişdirir insan ağlını,
Ömür zirvəsinə zaman qaldırır.
Heç başa vurmamış arzularını
Ayrılıq təbilin bizə çaldırır.

Sanki qaranquşdur, obadan köçür,
Bir göz qırpımında illər ötüşür.
İllərə qoşulub gəncliyin keçir,
Qara saçlarına ağ cığır düşür.

Çalışaq mənalı keçsin ömrümüz,
Gənclik illərinin qədrini bilək.
Əbədi deyilik bu dünyada biz,
Qalar gözümüzdə çox arzu-dilək.