Bir gözümüz gülür, biri ağlayır,
Qələbə sevinci – şəhid kədəri.
Ürəklər odlayır, yaxır, dağlayır,
İgidlər itkisi, şəhid qəhəri.
Şəhid balasının axan göz yaşı,
Atasın axtaran gözü dağlayır.
Şəhidin bədəndən ayrılmış başı,
Qolu, əl-ayağı, dizi dağlayır.
Şəhid anasının ahı, naləsi,
İçində dağılır Vətən xətrinə.
Şəhid atasının hönkürtü səsi,
İçində boğulur Vətən xətrinə.
Şəhidin dul qalmış həyat yoldaşı,
Həyat yollarının nakamı qalır.
Yarı yolda qalmış həyat sirdaşı,
Yadigar balayla təsəlli alır.
Hər biri fəxr edir Qələbəmizlə,
Heç biri dönməyir, gileylənməyir.
“Vətənə borcluyuq, Vətən sağ olsun,
Nə yaxşı, cəm oldu yurdumuz”,- deyir.
13.11.2020