Solmaz Şirin

Həyat yaşamağı bacaranındır, onun ilməsindən baş açanındır!​

Məni sevməyəni mən heç sevmərəm,
Yer alt- üst olsa da, göy dağılsa da,
Məni saymayanı mən heç saymaram,
Həyatda bircə mən, bir o qalsa da.

Yarımçıq sevginin nə faydası var?
Biri dərə olar, biri dağ olar.
Yarımçıq sevgidən gözləmərəm bar,
Axırı xəzanlı, qarlı bağ olar.

Məni sevməyəndən könül almaram,
O könül dərdimə dərman olsa da.
Duyğusuz könülü yada salmaram,
Könlüm lap ömürlük tənha qalsa da.

Saxta məhəbbəti mən heç bilərəm,
Saxta bir könülə könül demərəm.
Təmənna quluna dönən könülə
Heç Allah özü də qılmasın kərəm.

S.Şirin

Həkim Qəninin cavabı

Səni sevəcəyəm Səndən də artıq,
“Yer alt-üst olsa da, göy dağılsa da!”
Artıq həqiqətik, Səninlə varıq,
Biz yeni işığıq nurlu dünyada.

Sevib-sevilərək oxşayacağam
İpək saçlarını vəfa əliylə.
Yaşadaram Səni, nə qədər varam,
“Yarımçıq sevgini” gətirmə dilə!

Sənə sevgi verim röya qanadlı,
Qalxıb kəhkəşana uzanan yolu.
Özü Həkim Qəni ünvanlı, adlı,
Məhəbbəti dolu, vəfası dolu.

“Saxta məhəbbətə” düşmənəm mən də,
“Saxta bir könülə könül demərəm”.
“Təmənna quluna” rəğbət yox məndə.
Sən Əsli olursan, mən isə Kərəm!