Solmaz Şirin

Həyat yaşamağı bacaranındır, onun ilməsindən baş açanındır!​

Şeirləşmə. (Həkim Qəni ilə Solmaz Şirinin şeirləşməsi)

Harda qaldın, ey məhəbbət,
Ömür artıq olur yarı.
Buna dözmür daha həsrət,
İnsaf eylə, tez gəl, barı.

Gecmi, tezmi, gələcəksən,
Dəf edərək intizarı.
İnanıram, həqiqətsən,
Yaşadırsan insanları.

Geciksən də, sən yazımsan,
Yarımcanam, yoxdur param.
Qanadsızam, qanadımsan,
Sən olmasan, uçammaram.

Sənsiz mənə cahan dardır,
Xilas elə məni dardan.
Qəlbim evi intizardır,
Qurtar məni intizardan.

S.ŞİRİN

Həkim Qəninin cavabı

Məhəbbətəm, sevdiciyim,
Gözlədiyin o məhəbbət!
Dərə enib dağ keçmişəm,
Sənə gəlib yetəm, fəqət.

Gec də gəlsəm, tez də gəlsəm,
Şirin Xatın, gəlib çıxdım!
Sən ümid, mən səadətəm,
İntizarı vurub-yıxdım!

Geciksəm də, yazın oldum,
Qaçaq saldım soyuq, qarı.
Qanadınam, gücə doldum,
Bu qanadla uçaq, barı!

İndi mənim cahanımsan,
Demə “cahan mənə dardır”!
Sənin üçün ürəyimdə
Bir də böyük cahan vardır!