Solmaz Şirin

Həyat yaşamağı bacaranındır, onun ilməsindən baş açanındır!​

O gecə ulduzlar barışan gecə,
O gecə ürəklər qovuşan gecə.
İki ruh, nəfəsin birləşdiyi an,
Tale ulduzları sayrışan gecə.

Sevgi qönçəsinin gül açdığı an,
Sevgi məlhəminin yetdiyi zaman.
Alıb ağuşuna sevən qəlbləri,
Hicrana, möhnətə verməyir aman.

O gecə taleyə yazılan gecə,
O gecə intizar pozulan gecə.
Allahın əmriylə və qismətiylə,
O gecə mələklər düzülən gecə.

Yerlər də, göylər də sevinir, gülür,
Ay da işığıyla təbrikə gəlir.
Ulduzlar boylanır göyün üzündən,
İki qəlb alışır, sevgi dirçəlir.

O gecə həyəcan, hisslər gecəsi,
O gecə Tanrıdan şanslar gecəsi.
Bütün gecələrin şahı, baş tacı,
Arzular gecəsi, tostlar gecəsi.

21.02.2021, s.10:30.

2019 Solmaz Şirin. Müəllif hüquqları qorunur.

Powered by Megavision International