Solmaz Şirin

Həyat yaşamağı bacaranındır, onun ilməsindən baş açanındır!​

(Nəvəmə)

Bu gün həyatının ilk onilliyi,
On yaşın mübarək, gözəl Tamerlan!
Dünyanın neməti, şux gözəlliyi
Olsun həyatına böyük ərməğan!

Uşaqlıq dadını çıxart ləzzətlə,
Gənclik illərinə keç səadətlə.
Böyüyə, kiçiyə böyük hörmətlə,
Ömür sür şərəflə, yaşa firavan.

Ey mənim ağıllı, qoçaq, şən balam,
Badamın özəyi, içisən, balam.
İlk nəvəm, ürəyim, nabatım, balım,
Baldan da şirinsən mənimçin, inan.

Vətənə, xalqına sədaqətli ol,
Şərəflə, söhrətlə, dəyanətlə dol.
Elmin zirvəsinə aç böyük bir yol,
Vətənin, elinçin ol məşhur insan.

Həyatın büsbütün uğurla dolsun,
Allahım hər zaman yardımçın olsun.
Bu, Solmaz nənəndən yadigar qalsın,
Səninlə fəxr etsin, qoy, Azərbaycan!