Qəlbinin qapısın sən aç taybatay
İnsanlar üzünə, qəlblər gözünə.
Özündən böyüyü, həm kiçiyi say,
Baxma naxələfin nadan sözünə.
Birinin səhvini filə döndərib
Ötürmə dillərdən-dillərə əzbər.
Onu şad qəlbinə vurduğun zədə
Göydən yerə çaxar, əridər, əzər.
Yalanlar, böhtanlar ilanlarını
Dolama günahsız insan boynuna.
Allah uydurduğun yalanlarını
Hərləyib-fırlayıb tökər qoynuna.
Ləzzət al birinin dirçəlməsindən.
Qəlbinin qapısın qıfılla möhkəm –
Sevinmə kiminsə kiçilməsindən,
Buraxma şeytanı göstərə ötkəm!
Öyünmə vəzifən, izzətin ilə,
Vəzifə, şan-şöhrət köçəri quşdur.
Öyün insanlığın, sənətin ilə,
İnsanlıq, əqidə daim qalmışdır!