Həyatıma gəlməsən də,
Gözəl anam, yuxuma gəl.
Aşkar deyib-gülməsən də,
Heç olmasa, yuxumda gül.
Röyaların qanadında
Sənlə uçum, ətrin alım.
Aşkar qala bilməsəm də,
Röyalarda sənlə qalım.
Duyum isti nəfəsini,
Qucağında beşik salım.
Qoy eşidim xoş səsini,
Avazından ilham alım.
Röyalardır, röyalardır
Aman-zaman güman yerim.
Yoxdur başqa umacağım,
Röyalardır uman yerim.