İçi şeytan, üzü insan olanlardan qorxuram,
Üzü mələk, içi şərlə dolanlardan qorxuram.
Xeyirlə şər bir-birinə düşmən olub əzəldən,
Şəri sevib, xeyirisə qovanlardan qorxuram.
Ayrılmaq gərəkdir unutmaq üçün,
Sınmış bir ürəyi ovutmaq üçün.
Dünyaya yenidən doğulmaq gərək,
Əvvəlki halına qayıtmaq üçün.
Söz de ki, sözlərə şirinlik versin,
Söz de ki, ürəyə sərinlik versin.
Söz de ki, “hə” desin ona ariflər,
Söz de ki, mənaya dərinlik versin.
Sevib-sevilərək yaşamaq gərək,
Qəlbdə sevgi hissi daşımaq gərək.
Ürəyin yükünü dəf etmək üçün
Kini-küdurəti qaşımaq gərək.
Ana son tikəsin oğluna verib,
Özü ac qalsa da, onu yedirib.
Böyüyüb, anasın satıb arvada,
Bilmir, harda qalıb o tənha, qərib.
Alma, vəfa da olsa, verməyirlərsə əgər,
Dua da olsa, demə, səni dinləməsələr.
Vermə qəlbsizə qəlbi, qəlbsiz bilməz qəlb qədri,
Nakam məhəbbət mətin, polad qəddini əyər.
Ağ günüm qaraldıb çoxların günün,
Kəsdirib çoxunun söhbətin, ünün.
Ox olub batmışam çox dar gözlərə,
Yas olub paxılçın hər toy-düyünüm.
Sevgidir həyatın cövhəri, canı,
Sevgidir coşduran damarı, qanı.
Sevgisiz həyatın yoxdur dəyəri,
Sevgisiz sökülməz səhərin danı.
Sevmək asan imiş, unutmaq çətin,
Sevən bir ürəyi ovutmaq çətin.
Ağılla döyüşən sevgili qəlbi
Allah, nə çətinmiş anlatmaq, çətin.
Kiminə cibini boşaltmaq gərək,
Kiminə qəlbini boşaltmaq gərək.
Cibi dolulara əmanət bankı,
Qəlbi dolulara kitabdır bəzək.
Gəl, vəfa et nə özünə,
Nə varına, nə sözünə,
Yaşadığın bu dünyanın
Ləzzətini təp gözünə.
Göydə Allah, yerdə anam,
Hər ikisi verən ənam.
Dərdim olsa dünya boyda,
Onlardadır mənim çaram.
Mən bir ağac tanıyıram,
Tənha bitib bir məkanda.
Bağ-bağça yox, yox bir adam,
Zibillikdir dörd bir yanda.
Eşq nə qədər gizli olsa, bir o qədər sirli olar,
Gözə gəlməz, pis nəfisdən, bədnəzərdən uzaq qalar.
Eşq nə qədər sirli olsa, bir o qədər olar güclü,
Eşq bu qədər güclü olsa, nə saralar, nə də solar.